Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, xəstəlikdən sonra ilk dəfə danışan Broyan, Kanaz hospitalında qeyri-adi iynələr vurulmaqla, əzələlərinin gərildiyini və bunun nəticəsində danışa bilmədiyini qeyd edib.
Vəkil, dərmanın təsiri qurtardıqdan sonra Broyanın yenidən əsməyə başladığını bildirib. Həkimlərin dediyinə görə, ona sakitləşdirici dərmanlarla müalicə lazım olsa da, müalicəsi aparılmır. Ermənistan MN isə Broyanı erməni silahlı qüvvələrində xidmət etmək istəməyən simulyant adlandırır.
Erməni əsgərin anası Marine Broyan bildirir ki, oğlunun irsi psixoloji xəstəliyi var, amma oğlunun psixoloji və zehni problemlərini nəzərə almadan, mərkəzi hərbi tibbi komissiya keçən ilin avqust ayında onu hərbi xidmətə məhdudiyyətlə yararlı hesab edib və daha sonra işğal altında olan Qarabağdakı Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissəyə hərbi xidmətə göndərilib. İki həftədən sonra o, döyülüb və kəsilmiş damarla Ağdərə hospitalına yerləşdirilib.
Əsgər öz anasına izah edib ki, o, Ağdərədəki hərbi hissənin “Bad” (ördək) ləqəbli tabor komandiri tərəfindən qəddarcasına döyülüb. Daha sonra Yurik bu hadisə barəsində “İnsan hüquqları naminə jurnalistlər” təşkilatının vəkili Hayarpi Sarkisyana danışıb. Bildirilir ki, komandir uzaqdan Yuriki çağıraraq, siqareti yerə atmaqla ona götürməsini əmr etsə də, Yurik götürməkdən imtina edib. Bu zaman erməni komandir yezidi əsgərin başına yumruqla zərbə endirib.
“Həmin hadisəyə daha iki hərbi qulluqçu şahid olub. Başına zərbə aldıqdan sonra yerə yıxılan yezidi əsgərin başına ayaqla zərbələrin endirilməsi davam edib. 5 gün ona qarşı pis münasibət göstərildikdən sonra avqustun 28-də Ağdərə hospitalına yerləşdirilib. Növbəti gün Xankəndindəki psixatriya xəstəxanasına aparılmaqla ona müəyyən dərmanlar içiriblər. Döymə və psixatriyada yol verilən zorakılıq faktı ilə bağlı araşdırmalar aparılmalıdır. Zərərçəkən ağır vəziyyətdədir. Bütün istintaq tədbirləri təxirə salınıb. Yezidi əsgərin xidməti psixatriya xəstəxanalarında və hospitallarda keçib”, - deyə vəkil söyləyib.
Broyan faktiki olaraq 2018-ci ilin avqustun 11-də hərbi xidmətə çağırılıb və avqustun 23-də döyülüb. Xankəndi psixatriya xəstəxanasından Yurik Broyan İrəvana “Kanaz” psixatriyasına köçürülüb. Yezidi əsgərin anası bildirib ki, oğlunu psixatriyada çox ağır vəziyyətdə görüb.
Dekabrın sonlarında yenidən tibbi müayinədən keçirilməsi barəsində Ermənistan MN-ə müraciət olunsa da, nazirlik yezidi qadına və onun oğluna qarşı laqeyd münasibət bəsləyib. Qadın müraciətlərinin heç birinə cavab almayıb və problemin yayımlanmasından sonra Müdafiə Nazirliyi əsgərin ləyaqətini alçaldan bəyanat yayaraq, onu simulyant adlandırıb.
“Kanaz” psixatriyasında qəbul etdiyi dərmanlardan sonra vəziyyətin daha da pisləşdiyini bildirən yezidi əsgər ayaqlarını yerə sürtərək ağır addımlarla hərəkət edir. Başı daim sallanmış vəziyyətdə qalır. Heç cür başını düzəltmək olmur və daim silkələnir. “Kanaz” hospitalında xəstənin iradəsinə zidd olaraq, ona iynələr vurulur.
Vəkil Hayarpi Sarkisyanın sözlərinə görə, hazırda Yurik Broyan hərbi polisin qəbuledici, bölüşdürücü məntəqəsində yerləşdirilib. Burada əsgərlər ona geyinməyə, qidalanmağa, çimməyə yardım edir, amma o tibbi müalicə almır. Vəkil Müdafiə naziri Davit Tonoyana ərizə göndərdiyini, ərizəsində yezidi əsgərə baş çəkdiyini və onun vəziyyəti barədə məlumat verib.
Əgər Tonoyan hər hansı bir addım atmazsa, məcbur olaraq digər orqanlara onun fəaliyyətsizliyi barədə şikayət edəcəyini bildirən vəkil Broyanın köməksiz vəziyyətdə olduğunu və müvafiq tibb müəssisəsinə yerləşdirilmədiyini söyləyib. O hesab edir ki, əgər yezidi əsgər Ermənistan MN-in dediyi kimi simulyantlıq edirsə, o zaman onu Muratsan hərbi hospitalına yerləşdirməlidirlər.
“Lakin əksinə, belə olmadığı təsdiqlənərsə, buna kimi cavab verəcək?”, - deyə vəkil sual edir.
Hazırda icraatı həyata keçirən müstəntiq onun ambulator psixi, tibbi məhkəmə və məhkəmə tibbi komissiyalarının kompleks yoxlamasından keçməsi haqqında qərar qəbul edib.
Broyanla bağlı hərbi hissənin tabor komandiri tərəfindən ona qarşı edilən zorakılıq, psixatiriya əməkdaşı ilə mübahisə, həmçinin özünə xəsarət yetirmə olmaqla hərbi prokurorluqda 3 cinayət işi aparılır.
Alpər Mövludoğlu
Ordu.az